Uzunmüddətli səfərlər və avtomobillə səyahət zamanı sürücülər üçün düzgün qəlyanaltı seçimi xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, yolda yeyilən qida həm aclığı aradan qaldırmalı, həm də sürücünün diqqətini yayındırmamalıdır. Foodinfo.az Osnmedia.ru saytına istinadla xəbər verir ki, “Avto.ru” jurnalının avtomobil üzrə mütəxəssisi Yuri Uryukov yol şəraitində ən münasib qəlyanaltı variantlarını açıqlayıb.
Onun sözlərinə görə, səfər zamanı qəlyanaltı sadə, yığcam və rahat yeyilən olmalıdır. Aclıq hissi yarandıqda ən düzgün addım avtomobili yanacaq doldurma məntəqəsində və ya istirahət zonasında saxlayaraq sakit şəkildə yemək yeməkdir. Bu həm də sürücüyə bir qədər hərəkət etmək və diqqətini bərpa etmək imkanı yaradır.
Mütəxəssis qeyd edib ki, bəzi hallarda dayanmaq mümkün olmur. Belə vəziyyətlərdə əl ilə rahat tutulan, tez yeyilən kiçik sendviçlər və ya burgerlər daha uyğun hesab olunur. Bu cür qidalar sükanı idarə edərkən əlavə çətinlik yaratmır və diqqətin dağılma riskini azaldır.
Eyni zamanda içkilərin seçiminə də diqqət yetirilməlidir. Su, qəhvə və ya qazlı içkilərin qapaqlı stəkanlarda olması tövsiyə olunur ki, tökülmə təhlükəsi yaranmasın. Qəlyanaltı da səliqəli olmalı, yağlı iz buraxmamalı və sürücüdən artıq hərəkət tələb etməməlidir.
Mütəxəssislər vurğulayırlar ki, yolda düzgün qidalanma təkcə rahatlıq deyil, həm də yol təhlükəsizliyi baxımından vacib amildir.






