Çoxumuz "gündə iki litr su içmək lazımdır" ifadəsini saysız-hesabsız dəfə eşitmişik. Foodinfo.az bildirir ki, buna baxmayaraq, bir çox insan ya bu qaydanı pozur, ya da səhv növ su istehlak edir. Halbuki düzgün seçilmiş və vaxtında içilən su həm ümumi sağlamlığa, həm də maddələr mübadiləsinə əhəmiyyətli təsir göstərir.

Mütəxəssislər bildirirlər ki, suyun keyfiyyəti və içilmə vaxtı onun bədənə təsirini müəyyən edir. İçməli su seçərkən onun mənbəyinə – artezian, bulaq və ya süzülmüş olmasına – diqqət yetirmək vacibdir. Suyun tərkibindəki minerallar, pH dərəcəsi və qablaşdırma materialı da önəmli amillərdir. Plastik butulkalar isti şəraitdə zərərli maddələr buraxa bilər. Buna görə də şüşə qablaşdırma və ya evdə süzülmüş su daha etibarlı sayılır.

Suyun dadının fərqli olması onun tərkibi və minerallaşma səviyyəsi ilə əlaqəlidir. İdeal olaraq, pH göstəricisi 5.5 ilə 8.5 arasında olmalıdır. Qazsız və mümkün qədər təbii su bədənə faydalı mikroelementlərlə zəngin ola bilər.

Düzgün su içmə vərdişləri də az əhəmiyyət kəsb etmir. Səhər yuxudan oyanan kimi bir stəkan su içmək orqanizmi aktivləşdirir və həzmi tənzimləyir. Eyni zamanda gün ərzində suyu kiçik porsiyalarla qəbul etmək və susuzluq hissinə diqqət yetirmək tövsiyə olunur. Bir oturuşda çoxlu su içmək əvəzinə, bunu tədricən və bərabər şəkildə bölmək daha sağlamdır.

Arıqlamaq məqsədilə su içmək də geniş yayılmış bir inancdır. Lakin ekspertlər bildirirlər ki, təkcə su ilə arıqlamaq mümkün deyil. Əsas amil düzgün qidalanma və fiziki aktivlikdir. Bununla belə, su bədəndəki şişkinliyi azalda və toksinlərin atılmasına kömək edə bilər.

Nəticə olaraq, su sağlamlığın ayrılmaz hissəsidir. Amma doğru su növünü seçmək və onu düzgün zamanlarda qəbul etmək, faydanı maksimuma çatdırmaq üçün əsas şərtdir.