Ultra emal olunmuş qidaların uşaqların sağlamlığına təsiri ilə bağlı araşdırmalar göstərir ki, bu qidalar yalnız ümumi sağlamlığa deyil, həm də çənə və diş inkişafına mənfi təsir göstərə bilər.
Foodinfo.az xəbər verir ki, ultra emal olunmuş qidalar yumşaq toxumalı olduğu üçün uşaqların çeynəmə qabiliyyətini kifayət qədər inkişaf etdirmir.
Çeynəmə prosesi çənə əzələlərinin və sümüklərinin inkişafında mühüm rol oynayır. Yumşaq qidalarla qidalanma nəticəsində çənə sümükləri zəif inkişaf edir, bu isə dişlərin düzülüşündə problemlərə və düzgün çeynəmə funksiyasının pozulmasına səbəb olur.
Həmçinin ultra emal olunmuş qidalar yüksək şəkər və yağ tərkibli olduğu üçün uşaqlarda artıq çəkiyə səbəb ola bilər.
Bu qidalar çox vaxt vacib vitaminlər və minerallardan məhrum olur, bu isə sümük və diş sağlamlığını zəiflədir.
Eyni zamanda, şəkərli və asidik tərkibli emal olunmuş qidalar diş minasına zərər verərək çürükləri artırır.
Uşaqların çənə və ümumi sağlamlığı üçün təbii və liflə zəngin qidalara üstünlük vermək vacibdir. Alma, yerkökü kimi sərt qidalar çeynəmə qabiliyyətini artırır və çənə inkişafını dəstəkləyir.
Emal olunmuş qidaların istehlakını məhdudlaşdırmaq uşaqların sağlam böyüməsinə kömək edir.