Qarpızın tərkibində dərini günəş şüalarından qoruyan və kişilərə müsbət təsir göstərən antioksidant likopen var.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Olqa İliçeva danışıb. 

Onun sözlərinə görə, likopenin gündəlik normasını (5-10 mq) əldə etmək üçün bu giləmeyvədən 200 q yemək kifayətdir.

Unikal amin turşusu sitrulin də ilk dəfə qarpızda aşkarlanıb. Bu maddə orqanizmdən zəhərli ammonyakın çıxarılmasında iştirak edir, həmçinin qan təzyiqini tənzimləyən və ürək-damar sağlamlığını təmin edən azot oksidinin istehsalına səbəb olur. Bundan əlavə, sitrulin enerji artırır və fitness zamanı dözümlülüyü çoxaldır.

Qarpız həm də təbii sidikqovucudur və kalsium oksalat kristallarının əmələ gəlməsi riskini azaldır, bununla da böyrək daşı xəstəliyinin qarşısını alır. Lakin böyrəklərinizdə daş varsa, onların hərəkətini təhrik etməmək üçün gündə 1 porsdan çox yemək məsləhət deyil.

“Qarpız susuzluğu yatırmaq üçün yaxşıdır, çünki 90% sudan ibarətdir. Bundan əlavə, giləmeyvənin şirəsi tərlə itirdiyimiz elektrolitləri bərpa etməyə kömək olur. Tövsiyə olunan qarpız miqdarında (300 q) gündəlik kalium tələbatının təxminən 8-10% -i, maqnezium tələbatının isə 7%-i mövcuddur", - deyə İliçeva vurğulayıb.

Lakin diyetoloq onu da qeud edib ki, qarpızla doymaq çətindir, çünki tövsiyə olunan miqdarda, demək olar, heç bir zülal və yağ yoxdur, giləmeyvədəki fruktoza isə toxluq hormonu leptini artırmır.