Son illərdə ölkəmizdə pambıqçılıq ən yüksək səviyyəyə çatdırılıb. Ötən mövsüm iri pambıqçılıq rayonu olan Biləsuvarda 31 min tona yaxın xam pambıq istehsal olunub. Məhsuldarlıq 2018-ci illə müqayisədə 58,2 faiz artıb. Foodinfo xəbər verir ki, ötən il biləsuvarlı pambıqçılar dövlətin göstərdiyi güzəştlərdən, kompleks tədbirlərdən yararlanaraq bu sahədə böyük uğura imza atıblar. Əgər 2018-ci ildə 12 min hektar sahədə pambıq əkilmişdisə, ötən il əkin sahəsi azaldılaraq 10 min 257 hektar olub. Əkin sahəsi azalsa da, yüksək aqrotexniki qulluq məhsuldarlığa müsbət təsir göstərib. İstehsalçıların, hər hektardan əldə etdiyi orta məhsuldarlıq 29,9 sentner təşkil edib. Fərdi qaydada mülkiyyətçi və fermerlər 1 hektardan hətta 50-55 sentner məhsuldarlıq əldə ediblər. Ümumiyyətlə, 2019-cu ildə ölkə üzrə pambıq lifi ixracı 124 milyon, pambıq ipliyi ixracı isə 30,2 milyon dollar təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, pambıq ipliyinin ixracı 27 faiz artıb. “MKT-Biləsuvar” filialının baş mühəndisi Fərhad Salayev ötən ilin onlar üçün də uğurlu keçdiyini deyib: “2019-cu ildə pambıq sahəsindən 12 min tondan çox xam pambıq götürdük. Bu da təxminən 31 sentnerə bərabər oldu. Hazırda xam pambığın emalı gedir. Yığılmış məhsulun 9 min tondan çoxunu emal etmişik. Bunun da 4 min tonu mahlıcdır. 2 min ton mahlıcı Türkiyə və İrana satmışıq. Bu da ölkəmizə valyuta gəlməsi deməkdir. Hazırda müəssisəmiz yenilənir. İndi biz 50 dəzgahla işləyirik. İstəyirik ki, bu dəzgahların sayı 100-ə çatsın. Belə olarsa mahlıc istehsalı iki dəfə artacaq. Eyni zamanda, yeni iş yerləri də açılacaq. Bu isə, işsizliyin azaldılmasına bir töhfə olacaq.” “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulduğu kimi, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələrinin yaradılması gələcəkdə bu sahədə əsaslı dönüş yaradacaq. Qeyd edək ki, yeni subsidiya mexanizminə əsasən, 2020-ci ildə hər hektara 220 manat, hər ton məhsula 100 manat subsidiya verilməsi nəzərdə tutulur. Belə olduqda, 30 sentner məhsul götürmüş fermerin dövlətdən əldə etdiyi vəsait 520 manat olmaqla, çəkdiyi xərcin 55 faizini təşkil edəcək.