Bu gün Təbiətin Mühafizə Cəmiyyətinin təşəbbüsü həmçinin dünyada tanınmış KPMG şirkətinin dəstəyi ilə Bakının Binəqədi rayonunda "Gələcəyimiz üçün ağac əkək" devizi altında növbəti ağacəkmə kampaniyası keçirilib. Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında Binəqədi rayon icra hakimiyyətinin, Binəqədi Bələdiyyəsinin, Bakı şəhər Yaşıllaşdırma İdarəsinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 300-dən çox müxtəlif növ ağac əkilib. Təbiətin Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov müsahibəsində bildirib ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi Təbiətin Mühafizə Cəmiyyətinin hər zaman diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, Cəmiyyət tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə və digər kampaniyalar uğurla davam etdirilir. Bu gün də Binəqədi rayonunda təşkil edilən ağacəkmə kampaniyasında 300-dən çox ağac əklib. Ümumilikdə isə Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən ölkənin müxtəlif yerlərində on minlərlə müxtəlif cinsli ağac əkilib. Təbiətin Mühafizə Cəmiyyəti bu sosial aksiyanı bundan sonra da davam etdirəcək. Aksiyaya öz dəstəyini verən "KPMG Azərbaycan" şirkətinin idarəedici partnyoru Murat Karakaş müsahibəsində qeyd edib ki, təmsil etdiyi şirkət hər zaman bu kimi aksiyalara dəstək göstərib. Bu gün Binəqədi rayonu ərazisində keçirilən aksiyada KPMG şirkətinin əməkdaşları aktiv iştirak ediblər. Aksiya zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Xatırladaq ki, Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində vacib addımlar atılır. Tədbirlər Planının həyata keçirilməsi ilə əlaqədar Təbiətin Mühafizə Cəmiyyəti tərəfindən yaşıllıqların salınması, bərpası və becərilməsi sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə aparılan işlər sürətlə davam etdirilir.