Artıq bir neçə gündür ki, ölkə gündəmində Bakı Dövlət Universitetində təhsil alan 20-22 yaşlarında 3 qızın zəhərlənməsi, onlardan birinin dünyasını dəyişməsi xəbərləri müzakirə olunmaqdadır. Artıq faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, mətbuatda yayılan xəbərlərdə tələbə qızların ağzından qan gəldiyi bildirilib. Bu məqam çoxlarının diqqətini cəlb edib. Əksəriyyət, xüsusən də bir sıra tibb mütəxəssisləri qeyd edib ki, zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bununla bağlı baş toksikoloq Azər Maqsudov da bizimyol.info saytına açıqlama verərək bildirib ki, zəhərlənmə hallarında ağızdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin: “O tələbələr məgər sirkə içiblər? Yox, kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağızdan qan gəlmir. Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə, bu baş verə bilərdi. Botulizm deyil. Bu, olsa belə, o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə, ətraflı araşdırma aparılmalıdır”. Bəzi iddialara görə, qızlar qəbul etdiyi suşidən, digər iddialara görə isə, xiyar turşusundan zəhərləniblər. Bu məqamda onu da qeyd edək ki, bu günlərdə dünyaca məşhur “Telegraph” jurnalı suşinin insan orqanizmi üçün ciddi təhlükə olduğu barədə geniş məlumat dərc edib. Məlumatda qeyd olunur ki, Florida Atlantik Universitetinin alimləri suşinin təhlükəsi ilə bağlı 12 il ərzində apardıqları tədqiqatın nəticələrini açıqlayıb. Araşdırmalar nəticəsində suşinin tərkibindəki superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkar olunub. Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı məsləhət görürlər. Mütəxəssislər çiy balıq ilə suşi yeyən insanların orqanizmində dəniz məhsullarından zəhərlənməyə səbəb olan “vibrio alginolyticus” bakteriyalarının dərmanlara qarşı güclü müqavimət göstərdiklərini müəyyənləşdiriblər. Bu növ bakteriyalar dəniz suyunda aktiv şəkildə çoxalaraq yayılırlar. Həmin bakteriya bir çox ölkələrdə məşhur olan yapon yeməklərinin içindəki çiy və yarımçiy balıqlardan asanlıqla insan orqanizminə daxil ola bilir. Beləliklə, hələlik tələbə qızların zəhərlənmə faktı ilə bağlı laboratoriyanın nəticələri açıqlanmayıb, hazırda istintaq gedir. O da məlumdur ki, tələbələrin əksəriyyəti bölgələrdən paytaxta üz tutmuş gənclərdir. Bəzən vaxt imkanı olmadığından və yaxud səhlənkarlıqdan tələbə gənclər evdən kənar hazırlanan, xüsusən də “fast-food” qidalarına üstünlük verirlər. Nəticədə orqanizm adət etdiyi qidalanma rejimindən uzaq düşür, sağlamlıq baxımından ciddi təhlükələrlə üz-üzə qalır. Bəs tələbə necə qidalanmalı?  Qidalanma ilə bağlı kitabların müəllifi, diyetoloq-həkim Leyla Zülfüqarlı bu barədə “Yeni Müsavat”a danışdı: “Tələbələr elə qidalar qəbul etməlidir ki, onların tərkibində zəngin predmetlər, minerallar, vitaminlər olsun. Nəticə etibari ilə həmin qidalar tələbələrdə sinir sisteminin fəaliyyətini gücləndirsin, yaddaş pozğunluğu aradan qalxsın və sairə. Bir sözlə, tələbənin vitamin ehtiyatsızlığı olmamalıdır. Bu onun fəaliyyətinə, aktivliyinə mane ola bilər. Vitaminlər dedikdə, bütün qrup, o cümlədən B qrupu vitaminlər mütləq olmalıdır. Bir sözlə, insanlar sağlam həyat tərzinə daim riayət etməlidirsə, tələbələr buna ikiqat əməl etməlidirlər. Tez-tez rast gəlinir ki, tələbələr dərsə gecikməmək üçün səhər yeməyi yemədən, qəhvəaltı etmədən evdən çıxır. Sonradan  acanda yadlarına düşür ki, heç nə yeməyiblər. Bu zaman yaxınlıqdakı ”fast-food” yeməkləri hazırlayan kafe-restoranlara qaçırlar. Bunu bir daha yaşamamaq üçün mütləq evdə əvvəlcədən rahat başa gələn buterbrodlar hazırlamaq lazımdır. Hansı ki, tərkibi bizə məlum olan, sağlam qidalardan ibarət olur. Eyni zamanda çərəzlər, quru meyvə götürmək olar. Bu zaman zəhərlənmə ehtimalı da çox az olur. Mətbuatda yayılan digər iddialardan biri də bu oldu ki, tələbələr balıq konservisindən zəhərlənib. Həmçinin xiyar turşusu ilə bağlı da iddia oldu. Deyə bilmərəm ki, bu cür turşulardan imtina edək. Lakin həmin turşunun tərkibini bildikdən sonra onu qəbul etmək lazımdır. Məlum olduğu kimi, tələbələrin ən çox müraciət etdiyi qida dönər olur. Dönərlər həm qiymət baxımından ucuz, həm də tez hazırlana bildiyi üçün tələbələr arasında çox populyardır. Ac tələbəyə nə qədər meyvə təklif etsək, əlbəttə ki, yeməyəcək. Bu baxımdan dönər kimi qidalara üstünlük verir. Tələbələr düşünür ki, dönərdə həm çörək, həm də ət olduğu üçün dadlı və doyumludur. Lakin tez-tez dönərdən zəhərlənmə faktlarına rast gəlirik. Bu baxımdan tələbələr mütləq səhər yeməyi yeyib, evdən çıxmalıdırlar. Bu, çox önəmlidir. Səhər yeməyi qəbul edən şəxsin günün ikinci yarısına qədər tox qala bilir. Bu zaman dərsdən sonra gəlib, evdə də qidalanmaq olar”.