Yanvarın 5-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Şəmkir rayonunda fəaliyyət göstərən pomidor istehsalçıları ilə görüşü keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə,100-dən artıq sahibkarlıq subyekti ilə videokonfrans formatında keçirilən görüşdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri də iştirak edib. Görüşdə Agentlik sədri Azərbaycandan Rusiyaya pomidorun ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə həyata keçirilən tədbirlərlə bağlı iştirakçıları məlumatlandırıb. Ölkəmizdə istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsinin vacibliyini diqqətə çatdıran Q. Təhməzli bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni, innovativ metodların tətbiqinin və genişləndirilməsinin əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Tədbirdə pomidor bitkisinə qoyulan ixrac tələbləri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, həmçinin təsərrüfatlarda bir sıra zəruri tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib. [gallery ids="33171,33172"]