Arı südü son illərdə “möcüzəvi” təbii məhsul kimi təqdim edilir və bir çox insan tərəfindən immunitet gücləndirici kimi istifadə olunur. Onun tərkibində amin turşuları, vitaminlər və hormonlara bənzər birləşmələr mövcuddur.

Foodinfo.az bildirir ki, bu maddələr hüceyrə bərpasına, yorğunluğun azalmasına və ümumi enerji səviyyəsinin artmasına dəstək verir. Lakin arı südü yüksək allergik potensiala malik olduğu üçün hər kəs tərəfindən istifadə edilə bilməz. Xüsusilə uşaqlar, allergiyaya meyilli şəxslər və astma xəstələri bu məhsula qarşı həssaslıq göstərə bilərlər. İlk istifadədə az miqdarda yoxlamaq və bədənin reaksiyasını izləmək tövsiyə olunur.

Arı südü həmçinin hormonal sistemə təsir edə bildiyindən bəzi endokrin xəstəlikləri olan şəxslər üçün uyğun deyil. Hamiləlik dövründə istifadəsi də həkim nəzarəti olmadan məsləhət görülmür. Saxta və keyfiyyətsiz arı südü məhsulları isə orqanizmə ciddi zərər verə bilər. Çünki bu məhsul çox tez xarab olur və düzgün saxlanmadıqda mikrobioloji cəhətdən təhlükəli hala gəlir.

Yalnız soyuq şəraitdə saxlanılan, təbii və təmiz arı südü faydalı təsir göstərə bilər. Ancaq bütün hallarda, onu “hər dərdin dərmanı” kimi qəbul etmək yanlışdır və istifadəsi individual yanaşma tələb edir.