
Orqanizmdə B12 vitamini çatışmazlığı çox zaman fərq edilməyən simptomlarla özünü büruzə verir. Foodinfo.az xəbər verir ki, bu vitamin sinir sistemi və qanın normal fəaliyyəti üçün olduqca vacibdir. Çatışmazlıq zamanı ilk əlamətlər yorğunluq, halsızlıq və başgicəllənmə kimi simptomlarla ortaya çıxır.
Mütəxəssislər bildirir ki, B12 azlığı sinir toxumalarının zədələnməsinə, əzələlərdə zəifliyə və yaddaş problemlərinə səbəb ola bilər. Bəzən xəstələrdə dilin üzərində qızartı və yanğı hissi müşahidə edilir. Dərinin solğunlaşması və depressiv hallar da bu vitaminin yetərsizliyinin göstəricisidir.
Həkimlər qeyd edir ki, B12 vitamini əsasən heyvan mənşəli məhsullarda — qaraciyər, yumurta, süd məhsulları və balıqda olur. Bitki mənşəli qidalar isə bu vitamini təmin etmir. Ona görə də vegeterian və vegan qidalanan şəxslər mütləq B12 əlavələri qəbul etməlidirlər.