Son illər “detoks suyu” adı ilə təqdim olunan içkilər sağlam qidalanmanın ayrılmaz hissəsi kimi tanıdılır. Xiyar, limon, nanə və zəncəfil kimi məhsullarla hazırlanan bu sular bədənin zərərli maddələrdən təmizlənməsinə yardımçı olduğu iddiası ilə təbliğ olunur.

Foodinfo.az bildirir ki, bu iddiaların çoxu elmi əsaslara deyil, populyar fikirlərə söykənir. Orqanizmdə toksinlərin təmizlənməsi əsasən qaraciyər və böyrəklərin funksiyası ilə bağlıdır. Detoks sularının bu orqanların işini birbaşa yaxşılaşdırdığı sübut olunmayıb.

Bu cür içkilər, sadəcə, maye qəbulunu artırır və bəzi vitaminlərlə zəngin ola bilər. Ancaq onların “möcüzəvi təsiri” fikri yanıldıcıdır. Tərkibində şəkər və ya süni əlavələr olan detoks suları əks effekt də yarada bilər. Sağlamlıq üçün ən önəmli amil balanslı qidalanma və kifayət qədər su içməkdir.

Detoks sularını sağlam içki alternativi kimi qəbul etmək olar, lakin onları tibbi “təmizlik vasitəsi” kimi düşünmək yanlışdır. Mütəxəssislər bildirirlər ki, “detoks” ifadəsi tez-tez kommersiya məqsədi ilə şişirdilir. Yəni əsas təmizləyici deyil, tamamlayıcı içki kimi baxılmalıdır.