Bir çoxumuz evimizi bitkilərlə bəzəməyi sevirik. Pəncərə önünə düzülən bitkilər evimizə fərqli bir görünüş gətirməklə yanaşı, ovqatımıza da xoş təsir edir. Amma etiraf etməliyik ki, evimizə bitki alarkən ilk olaraq onun görünüşünə baxırıq. Çox zaman onun bizə əks təsirləri olması ilə heç maraqlanmırıq da. Amma unutmaq olmaz ki, təbiətdə xeyirli olması ilə yanaşı zərərli bir sıra bitkilər də mövcuddur. Gözəlliyinə aldanaraq evinizdə saxladığınız və qayğısına qaldığınız bitkilər sizin "düşməninizə” çevrilə bilər. Onu da qeyd edək ki, otaq bitkilərinin heç də hamısı zərərli deyil. Bəzi bitkilərin evimizdə saxlanması hətta vacibdir. Lent.az xarici KİV-ə istinadən evdə saxlamaq üçün hansı otaq bitkilərinin daha uyğun olduğunu təqdim edir: Xlorofitum - Bu bitki havada olan kükürd, azot birləşmələri, toksik maddələri udaraq havanı təmizləmək qabiliyyətinə malikdir. Belə ki, bir böyük xlorofitum bitkisi 3 kv.m sahənin havasını təmizləyə bilir.

Xamedoreya - Avtomagistral kənarında yerləşən evlərdə bu bitkini yetişdirmək yerinə düşərdi. Çünki, xamedoreya avtomobil mühərriklərindən ayrılan benzol və etilen qazlarını özünə hopdurmaq qabiliyyətinə malikdir.

Fikus - Toksinləri tutur, havanı oksigenlə zənginləşdirir və hətta nəmləndirir. Bundan əlavə, fikus havada olan zərərli mikroorqanizmləri öldürmək qabiliyyətinə malik olan fitonsid ifraz edir. Bitkinin enli yarpaqları tozu tutub saxlayır. Fikus bitkisi böyük otaqlar, mətbəx və yaxşı havalandırılan məkanlar üçün daha uyğundur.

Sansevieriya - Bol miqdarda oksigen ifraz edən otaq bitkilərindəndir. Bundan əlavə bu bitki linoleum və digər sintetik materiallardan ayrılan maddələri neytrallaşdırmaq qabiliyyətinə malikdirlər. Onun ən əsas xüsusiyyəti isə insanın immunitetini yüksəltməsidir. Otağı istənilən yerinə qoymaq olar.

Aloe – Öz antibakterial xüsusiyyətləri ilə fərqlənir. Aloenin yarpaqları yanıq və iltihabı proseslərdə çox faydalıdır. Bitkinin şirəsi immuniteti qaldırır, iştahanı açır, həzm prosesini normaya salır, zədələnmiş toxumaları bərpa edir. Bu bitki yataq otağı üçün ən yaxşı variant hesab oluna bilər. Səbəbi isə digər bitkilərdən fərqli olaraq gecələr də oksigen sintez etməsidir.

Ətirşah - Daha yaxşı olar ki, yataq otağında saxlayasız. Çünki bu bitkinin sintez etdiyi maddələr insana sakitləşdirici və yuxugətirici təsir göstərir. Həmçinin bitkinin ifraz etdiyi bioloji aktiv maddələr stafilakok, streptokok kimi mikrobları öldürür, otağın havasını dezinfeksiya edir, həşəratları qaçırır. Məhz bu xüsusiyyətinə görə hətta mətbəxdə də ətirşah bitkisini saxlamaq olar. Əsasən də, bu bitki nəmişliyi və dəm qazını özünə hopduraraq otağa xoş ətir yayır.