Kompüter və smartfon qarşısında uzun müddət qalmaq göz yorğunluğunu artırır və quru göz sindromu riskini yüksəldir. Mütəxəssislər bunun qarşısını almaq üçün “20-20-20-20” metodunu tövsiyə edirlər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, University of Texas alimləri tərəfindən təklif olunan bu üsul görmə orqanına düşən gündəlik yükü azaltmağa kömək edir.

Metodun mahiyyəti olduqca sadədir: hər 20 dəqiqədən bir 20 saniyə fasilə vermək, bu müddətdə təxminən 6 metr uzaqlıqda yerləşən obyektə baxmaq və ən azı 20 dəfə göz qırpmaq lazımdır.

Mütəxəssislər bildirirlər ki, monitor qarşısında işləyərkən insan adi haldan daha az göz qırpır. Bu isə göz səthinin kifayət qədər nəmlənməməsinə, nəticədə qızartı, yanğı hissi və “gözdə qum” hissinə səbəb ola bilər. Qısa fasilə göz əzələlərini rahatladır, təbii nəmlənməni bərpa edir, baş ağrısı riskini azaldır, boyun və çiyin nahiyəsində gərginliyi minimuma endirir.

Bu üsul xüsusilə ofis işçiləri, tələbələr, məktəblilər və boş vaxtlarında aktiv şəkildə elektron cihazlardan istifadə edən şəxslər üçün faydalıdır. Sadə qayda cəmi bir neçə saniyə vaxt aparsa da, müntəzəm tətbiq edildikdə görməni qorumağa kömək edir.