İdman qidalanması üzrə mütəxəssislər əzələ kütləsinin artırılması üçün ən effektiv zülal mənbəyini açıqlayıblar. Foodinfo.az EatingWell nəşrinə istinadla xəbər verir ki, ekspertlərin fikrincə, əzələ inkişafı üçün ən faydalı məhsul qızılbalıqdır.
İdman dietoloqu Amy Goodson bildirib ki, qızılbalıq yüksək keyfiyyətli proteinlə yanaşı, əzələlərin bərpası və inkişafını dəstəkləyən güclü qida maddələri ilə zəngindir. Mütəxəssislər qeyd edirlər ki, qızılbalıqda əzələ toxumasının formalaşması üçün vacib olan doqquz əsas amin turşusunun hamısı mövcuddur.
Dietoloq Yasi Ansari isə vurğulayıb ki, bu balıq lösin amin turşusu ilə zəngindir. Lösin əzələ zülalının sintezini işə salan əsas mexanizm kimi çıxış edir və əzələ artımını aktivləşdirir. Bundan əlavə, qızılbalıq omeqa-3 yağ turşuları — EPA və DHA ilə zəngindir. Bu maddələr iltihabı azaldır və məşqdən sonra bərpa prosesini sürətləndirir.
Qızılbalıq həmçinin D vitamininin nadir təbii mənbələrindən biridir. Araşdırmalar göstərir ki, bu vitaminin çatışmazlığı əzələ kütləsinin azalmasına səbəb ola bilər.






