Alma sirkəsinin arıqlamağa kömək etdiyi iddiaları yenidən müzakirə mövzusuna çevrilib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, qastroenteroloq Yekaterina Kaşux bu üsulun təhlükəli ola biləcəyini bildirib.
Məlumata görə, açıqlama URA.RU saytına verilib. Bildirilir ki, britaniyalı müğənni və geyim üzrə dizayner Victoria Beckham səhərlər acqarına iki xörək qaşığı alma sirkəsi içdiyini deyib. Lakin həkimlər bu cür yanaşmanın sağlamlıq üçün riskli olduğunu vurğulayırlar.
Mütəxəssisin sözlərinə görə, alma sirkəsi birbaşa yağ yandıran təsirə malik deyil. O, yalnız iştahanı müvəqqəti azalda bilər. Bu isə mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulmasına və qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
Həkim qeyd edir ki, turş mühit mədə selikli qişasını qıcıqlandıra, qıcqırma və ağrı yarada bilər. Xüsusilə mədə xəstəlikləri olan şəxslərə alma sirkəsindən istifadə qətiyyən tövsiyə edilmir. Uzun müddət nəzarətsiz qəbul ciddi fəsadlara yol aça bilər.
Mütəxəssislər bildirirlər ki, arıqlamağın əsas yolu balanslı qidalanma və müntəzəm hərəkətdir. Tək bir məhsula ümid etmək düzgün yanaşma deyil. Sağlam çəki itirmək üçün həkim məsləhəti və düzgün rejim vacib sayılır.






