Tətil zamanı düzgün qidalanmamaq zəhərlənmə və həzm problemlərinə səbəb ola bilər. Foodinfo.az NEWS.ru-ya istinadla xəbər verir ki, dietoloq İrina Pisareva istirahət zamanı turistlər üçün risk yaradan yeməklər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, xüsusilə otellərdə termiki emaldan keçməyən və ya yarımçıq bişirilmiş məhsullardan çəkinmək lazımdır.
Mütəxəssis bildirib ki, çiy və az bişmiş dəniz məhsulları, ət yeməkləri, marinad olunmuş və ya zəif duzlanmış qidalar təhlükə yarada bilər. Susi, tartar, karpaçço, seviçe kimi yeməklər, eləcə də bütün növ salatlar və təzə souslar risk qrupuna daxildir. Xüsusilə mayonezli və termiki emaldan keçməyən souslar isti havada çox tez xarab olur və zəhərlənmə riski yaradır.
Pisareva tətil zamanı daha çox isti və ya təzə hazırlanmış yeməklərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, ən təhlükəsiz seçim sifariş əsasında dərhal hazırlanan yeməklərdir. Eyni zamanda, içkilərə də diqqət yetirilməlidir. Qaynadılmış içkilər bakteriyaları məhv etdiyi üçün daha təhlükəsiz sayılır.
Dietoloq əlavə edib ki, içkilərə buz qatmaq məsləhət görülmür. Çünki buz çox vaxt keyfiyyətsiz sudan hazırlanır və infeksiya mənbəyinə çevrilə bilər. Mütəxəssislər istirahət zamanı sadə gigiyena qaydalarına əməl etməyi və qida seçimində ehtiyatlı olmağı tövsiyə edirlər.






