İsti havalarda insanları sərinlədən vasitələrdən birincisi kondisioner, ikincisi sudursa, üçüncüsünün də dondurma olduğunu deyə bilərik. Uşaqdan böyüyə hər kəsin sevdiyi bu qidanın necə yaranması barədə bir sıra rəvayətlər var.
Foodinfo.az dondurmanın tarixi, faydaları, ziyanından bəhs edən məqaləni təqdim edir:
Versiyalardan birinə görə, bir zamanlar bu desert krallığa aid qida hesab olunub və reseptini kralın aşpazından başqa heç kim bilməyib. I Karl keçirdiyi banketlərin birində hamını təəccübləndirəcək qida hazırlamaq istəyir. Aşpazına da belə əmr verir. Aşpaz çox çalışır, sonda dondurmanı hazırlayır. Bu, insanlara yeməkdən çox, yağan qarı xatırladırdı.
Karl istəyirdi ki, yemək yalnız kral süfrəsində təqdim olunsun. Buna görə də DeMarko adlı aşpazına bu sirri heç kimə deməməyi, əvəzində ona hər ay 500 funt ödəyəcəyini bildirib. I Karl edam olunduqdan sonra aşpaz resepti açıqlayır.
Başqa versiyalara görə, dondurmanın beş min ildən çox yaşı var. Əvvəllər buz bəzi fərqli dad verən məhsullarla birləşdirilirdi. Eramızdan əvvəl 400-cü ildə farslar gül suyu və vermişeldən xüsusi dondurulmuş qida hazırlayırdılar. Bu, krallığa yay aylarında təqdim olunurdu. Buz zəfəran, meyvələr, müxtəlif dadlandırıcılarla qarışdırılırdı.
Qədim Yunanıstanda eramızdan əvvəl V əsrdə afinalılar bal və meyvələrlə qarışdırılan qar yeyirdilər. Hippokrat qədim yunan pasiyentlərinə buz yeməyi tövsiyə edirdi, onun həyat şəraitini yaxşılaşdırdığını, sağlamlığı möhkəmlətdiyini deyirdi.
Çində isə eramızdan əvvəl 200-ci ildə südlə düyünün buzla qarışığı içilirdi. Bundan başqa, Qədim Çində portağalı xırda doğrayıb üzərinə limon və nar dənələri səpir, buz parçaları ilə qarışdırırdılar. Bu, yalnız yüksək təbəqə nümayəndələrinə təqdim edilirdi.
Avropanı dondurma ilə səyyah Marko Polo tanış edib. O, resepti XIII əsrdə Çindən İtaliyaya gətirib. Daha sonra buzun faydalarından bəhs edən kitab yazıb.
ABŞ-a isə dondurma XVIII əsrdə gəlib. “Soyuq desert” yenilik kimi qəzetlərdə yayımlanıb.
İlk dondurma kafesi 1660-cı ildə Parisdə açılıb. Burada 80 dondurma növü hazırlanırdı. Kafe bu günədək işləyir. Onore de Balzak, Viktor Hüqo, Napoleon Bonapart kimi şəxslər kafenin müştəriləri olub.
Fransada III Napoleonun dövründə ilk yağlı dondurmalar hazırlanmağa başlayıb. Resepti Plober şəhərində yaradılıb. “Plombir” adı da buradan gəlir. Sonra desert başqa ölkələrə yayıldıqca hər kəs ona əlavələr edərək hazırlayır.
İtaliya assorti dondurmanın mərkəzi hesab olunur.
Apennində tərkibinə qoz, meyvə, peçenye, hətta gül əlavə edilməyə başlandı. Avstriyada şokoladdan dondurmalar hazırlandı. Dünyada ən çox satış üzrə birinci yeri vanilli, ikinci yeri şokoladlı, üçüncü yeri isə çiyələkli dondurmalar tutur. Ən çox dondurmanı hazırda amerikalılar yeyir. 1984-cü ildə hətta prezident iyul ayını “dondurma ayı” elan edib.
Faydaları
Tərkibində protein, karbohidrat, yağ, A, D, E, C və B vitaminləri, maqnezium, fosfor, sodium, dəmir və sink kimi minerallar var. Dondurma uşaqlarda vitamin çatışmazlığını aradan qaldırır.
Orqanizmdə xoşbəxtlik hormonunu - serotonini artırır. Yaddaşı yaxşılaşdırır, əhvalı yüksəldir, stresə qalib gəlməyə kömək edir. Alimlər bildirir ki, dondurmanı böyüklər yeyəndə daha bir terapevtik effekti olur, belə ki, insanlara xoş emosiyalar bəxş edir. Çünki dondurma insanlara uşaqlıqlarını xatırladır.
Mədə-bağırsaq xəstəliklərinin müasir şəkildə qarşısının alınmasında yoğurtdan hazırlanan dondurmanın rolu var. Bu, bağırsaq mikroflorasına faydalı təsir göstərir, çünki şirinliyi ilə birlikdə bizə lazım olan bakteriyanı alırıq.
Ziyanları
Dietoloqlar hesab edir ki, limonlu, çiyələkli və digər dadlandırıcılarla hazırlanan dondurmalardan qaçmaq lazımdır. Belələrində çoxlu süni əlavələr olur.
Dondurmanın tez-tez istifadəsi başağrısı da yarada bilir. Statistikaya görə, bu növ başağrısından dünyada hər üç insandan biri əziyyət çəkir. Çünki dondurma yeyəndə bədən temperaturu sürətli şəkildə aşağı düşür, beyinə qan axını yavaşlayır, bu da ağrı yaradır.
Yüksək kalorili ərzaqdır, tərkibində yağ, şəkərin miqdarı çoxdur, buna görə də çox istifadəsi orqanizmə ziyan verir. Həkimlər tənəffüs xəstəliklərindən əziyyət çəkənlərə dondurma məsləhət görmürlər. Mədə və xroniki qastrit xəstəlikləri zamanı soyuq dondurma ziyandır. (Oxu.az)