Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Azərbaycan Zəfəran İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın rəhbərləri və müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Foodinfo.az-ın məlumatına görə, görüşdə AQTA sədri Qoşqar Təhməzli son illər ölkəmizdə bitki sağlamlığı sahəsində görülən işləri, dövlət tərəfindən sahibkarlara göstərilən ardıcıl dəstək tədbirlərinin nəticəsi olaraq, bitkiçilik məhsullarının, o cümlədən nar, fındıq, pomidor və s. məhsulların ixracında əhəmiyyətli artımın olduğunu iştirakçıların diqqətinə çatdırıb. Bir sıra bitkiçilik məhsullarının artıq Avropa bazarlarına ixrac edildiyini bildirən Agentlik sədri, kənd təsərrüfatı bitkilərinin ixrac coğrafiyasının genişləndirilməsi üçün sahibkarlar tərəfindən fitosanitar tələblərə cavab verən məhsulların yetişdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Assosiasiya sədrləri və sahibkarlarla müvafiq sahədə mövcud vəziyyət və qarşıya çıxan problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Daha sonra bitkiçilik məhsullarının laborator analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin sahibkarları maraqlandıran yeni ixrac bazarlarının idxal tələblərinin öyrənilməsinə dəstək göstərilməsi, həmin məhsulların ixracının daha səmərəli təşkili işlərində AQTA tərəfindən sahibkarlara göstərilən lazımi köməkliyin davam etdiriləcəyi qeyd olunub.
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?