Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Heyvandarlıq Assosiasiyası”, “Azərbaycan Ət və Ət istehsalçıları Assosiasiyası”nın rəhbərləri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib. Foodinfo.az xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən hərtərəfli dəstək nəticəsində bu sahənin inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb. Agentlik sədri 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan baytarlıq nəzarəti ilə bağlı dəyişikliklərdən, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərdən söz açıb. Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib. Tədbirdə Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər. Daha sonra heyvandarlıq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.