Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) iri ticarət şəbəkələrinin nümayəndələri və idxalçı sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib. Foodinfo.az xəbər verir ki, görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçıları məlumatlandırıb. Agentlik sədri 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişikliklərdən, həmçinin heyvan mənşəli məhsulların idxalı və yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərdən söz açıb. Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib. AQTA sədri “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standardlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırıb. Daha sonra ticarət şəbəkələrinin nümayəndələrinin və idxalçıların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.