Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın nümayəndələri, həmçinin quş və quş əti məhsulları idxal edən sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüş keçirilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi barədə iştirakçıları məlumatlandırıb. Agentlik sədri 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, Qanun bir çox beynəlxalq standardların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
AQTA sədri “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standardlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyini vurğulayıb.
Daha sonra görüş iştirakçılarının təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.