Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin nümayəndələri, həmçinin süd və süd məhsullarının istehsalı, emalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli süd və süd məhsullarının idxalı ilə ixracının tənzimlənməsi, eləcə də bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı, sertifikatlaşdırılması barədə məlumat verib. Eyni zamanda süd məhsullarının istehsalında minimum tələblərin təmin edilməsi, qablaşdırılması və etiketlənməsi, həmçinin qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Q.Təhməzli çıxışı zamanı qida, o cümlədən də süd və süd məhsullarının istehsalı, emalı və ölkəyə idxalı ilə məşğul olan sahibkarların fəaliyyətlərini bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun formalaşdırmasının zəruriliyini də diqqətə çatdırıb. AQTA sədri süd və süd məhsullarının istehsalı, emalı və ölkəyə idxalı ilə bağlı mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.
Tədbirdə ölkədə istehsal olunan və respublikaya idxal edilən süd və süd məhsulları ilə bağlı mütəmadi olaraq həyata keçirilən yoxlama-nəzarət tədbirləri barədə məlumat verilib. Bildirilib ki, yoxlamalar zamanı bu sahədə həm məhsulların təhlükəsizlik göstəricilərində, həm də etiket məlumatları ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib. Yoxlamalar çərçivəsində süd və süd məhsullarından ümumillikdə 32 nümunə götürülüb və müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsinə əsasən, 2 nümunədə turşululuq göstəricisi, 1 nümunənin tərkibində isə Enterobakter bakteriyasının miqdarı normadan artıq müəyyən edilib, 6 nümunənin tərkibində E.coli aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Bundan əlavə, Rusiya Federasiyasına süd məhsullarını ixrac edən müəssisələrdə həmin ölkənin aidiyyəti qurumundan daxil olmuş müvafiq bildirişlərə əsasən, aparılmış qiymətləndirmə zamanı bir sıra nöqsanlar aşkar edilib. Eləcə də Agentlik tərəfindən Multimonitorinq Planının icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərində satışı həyata keçirilən süd məhsullarından 85 yerli istehsal, 24 idxal edilmiş məhsul olmaqla, ümumillikdə 109 nümunə götürülərək müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, 10 pendir, 3 xama və 4 kəsmik nümunəsində mikrobioloji göstəricilərdən E.coli, 1 pendir nümunəsində Stafilokok bakteriyası, 1 kəsmik nümunəsində həm E.coli, həm də tərkibində etiket məlumatlarında bəyan edilməyən fitosterin, 1 xama nümunəsində tərkibində etiket məlumatlarında bəyan olunmayan fitosterin aşkarlanıb. Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlama çərçivəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Eyni zamanda vurğulanıb ki, Multimonitorinq Planı çərçivəsində götürülmüş nümunələrin etiket məlumatları təhlil edilib və 8 məhsulun üzərində tərkibində yalnız “süd yağı əvəzedicisi” və ya “bitki yağı” kimi qeydlərin olması müşahidə edilib. Bununla əlaqədar, “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğun olaraq, süd məhsulları istehsal edən müəssisələrin rəhbərlərinə, eləcə də istehlakçıların aldadılmasına gətirib çıxaran halların qarşısının alınması məqsədilə ticarət şəbəkələrinin rəhbərləri ilə bağlı müvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, məhsulun tərkibi qablaşdırmanın üzərindəki etiket məlumatlarında aydın göstərilməlidir. Məhsulun tərkibi ilə qablaşdırmanın üzərindəki etiket məlumatları arasında uyğunsuzluqlarla bağlı analoji hal ötən dövr ərzində enerji içkilərində də aşkarlanıb və bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Əldə olunan bu müsbət təcrübə süd və süd məhsulları sahəsində də həyata keçiriləcək.
Görüşün sonunda süd və süd məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib. Həmçinin fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərlə bağlı sahibkarlardan AQTA-nın “1003-Çağrı Mərkəzi”nə və 010-200-10-03 nömrəli telefona zəng etmələri bildirilib.
[gallery ids="53193,53194,53195,53196,53197,53198"]