Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, 29 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 41 ticarət müəssisəsi və 47 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 61 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 54, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 31 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.