Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC əməkdaşlıq etdiyi yerli istehsalçılara Rəqabət Məcəlləsi haqqında infosessiyaların keçirilməsinə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
"Araz Supermarket" MMC rəqabət məcəlləsi ilə əlaqədar hüquqi risklərin azaldılması üçün preventiv addımlar həyata keçirir. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) Hüquq direktoru Allahverən Oruclu və Keyfiyyət Təminatı departamentinin rəhbəri Şəhla Yusifova yerli istehsalçılarla görüşlər keçirərək yeni imkanları qiymətləndirmək və gələcəkdə hüquq pozuntularının qarşısını alınmasına xidmət edəcək fikir mübadilələrinin təşkilinə başlayıblar.
İlk mərhələdə 50-dən artıq yerli istehsalçı ilə fikir mübadiləsi aparılıb, haqsız rəqabət hallarının aradan qaldırılması ilə Rəqabət Məcəlləsinin ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə sahibkarlar əsasən məhsulların etiket məlumatlarında istehlakçıların aldadılmasına səbəb ola biləcək nüanslar, rəqabətin məhdudlaşdırmasına gətirib çıxara biləcək üfüqi, şaquli sazişlər və digər bu kimi mövzularla maraqlanıblar.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan digər şirkətlər tərəfindən də tədarükçüləri ilə birlikdə müvafiq infosessiyalar həyata keçirilməsi nəzərdə tutulur.