Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") paytaxt Moskva üzrə idarəsi, Azərbaycandan bu ölkəyə ixrac edilmiş 6,9 ton təzə nektarində karantin obyekti aşkarlayıb.
Foodinfo.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, yoxlamalar sentyabrın 29-da “Food Logistic” MMC-nin müvəqqəti saxlama anbarında aparılıb. Ümumrusiya Bitki Karantini Mərkəzi (FGBU VNIIKR) laboratoriya müayinəsi ilə karantin obyektinin aşkarlanmasını təsdiq edib.
"Rosselxoznadzor" yük sahibinə çirklənmiş məhsullarla bağlı tədbirlər görülməsi barədə bildiriş verib. Yük sahibi onu məhv etmək qərarına gəlib.
Mövsümün əvvəlindən bəri "Rosselxoznadzor" Azərbaycandan Moskva vilayətinə daxil olmuş 450-dən çox avtomobili yoxlayıb və ümumilikdə 8,5 min tondan çox təzə nektarinlə bağlı karantin fitosanitar nəzarəti həyata keçirib.