Azərbaycanın məşhur pivə istehsalçısı «kiçilib» – QAZANCINI AÇIQLADI – HESABAT Azərbaycanın aparıcı pivə istehsalçısı olan «Baki-Pivə» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb. Foodinfo.az təşkilatın hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə «Baki-Pivə» ASC-nin uzunmüddətli aktivləri təqribən 4 dəfə artaraq 333 min manatdan 1 milyon 291 min manata yüksəlib. Bu dövrdə şirkətin torpaq və əmlakları artıb, amma artımın əsas səbəbi «Baki-Pivə» ASC-nin böyük debitor borcunun yaranmasıdır. 2020-ci ilin sonuna şirkətin alacağı borcların həcmi 803 min manata yüksəlib. «Baki-Pivə» ASC-nin qısamüddətli aktiləri isə kəskin – təqribən 2 dəfə azalaraq 2,5 milyon manatdan 1,27 milyon manata enib. Azalmanın səbəbi şirkətin qısamüddətli debitor borclarının azalması olub. 2020-ci ildə şirkətin öhdəliləri 4 dəfədən çox azalaraq 1 milyn 21 min manatdan 240 min manata enib. «Baki-Pivə» ASC-nin nizamnamə kapitalı dəyişməz qalıb – 2 milyon 470 min manat. Amma əvvəlki illərin yığılab qalan zərərini (150 min manat) nəzərə alanda, cəmi kapital hazırda 2 milyon 320 min manat təşkil edir. 2020-ci ildə «Baki-Pivə» ASC-nin əməliyyat gəlirləri qəpiyinə kimi 2019-cu ildəki kimi olub – 488 min 746 manat. Söhbət ciddi sənəd olan audit hesabatından getməsəydi, bu rəqəmi 2019-cu ildən köçürmə də saymaq olardı. Digər gəlirlər 149 min manat, nəticədə ümumi gəlirlər 637,4 min manat təşkil edib. Bu əvvəlki ildən təqribən 100 min manat artıqdır. Əvəzində «Baki-Pivə» ASC əməliyyat xərclərini azaldaraq 148 min manatdan 137 min manata endirib. Nəticədə vergiyə 40 min manat ödənişi dənəzərə alanda «Baki-Pivə» ASC 2020-ci ili 459 min manat xalis mənfəətlə başa vurub. Bu əvvəlki ildən 140 min manat artıqdır.