Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Semur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində 21.11.2019-cu il tarixində aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsalın dayandırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda istehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.