İstehlakçılar yeni məhsul və xidmətlərlə tanış olduqca, xaricə daha çox səyahət etdikcə maraqlı trendləri, təcrübələri görürlər. Bəs Azərbaycanda alış-veriş təcrübəsi necədir? Bu günkü həmsöhbətimiz verdiyi maraqlı məlumatlarla bizi yaxşı mənada təəccübləndirdi. Müsahibimiz Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü və “OBA” marketlər şəbəkəsinin rəhbəri Vüsal Şərifovdur. - İlk dəfə 2016-cı ildə evimizin yaxınlığında “OBA” adlı marketin açıldığını eşitdim, maraqlanıb getdim və qiymətlərin münasibliyi məni əməlli-başlı təəccübləndirdi. İmkan düşmüşkən, soruşum. Nədir “OBA”nın sirri? - Həmin ilə qədər ölkəmizdə müəyyən seqmentlərə yönəlmiş marketlər mövcud idi. Biz istədik ki, bazara fərqli və maraqlı konsept gətirək. Dünya təcrübəsini araşdırdıq və düşündük ki, o dövrdə bazarın ehtiyacına uyğun olan və fərqli bir konseptə malik, həmçinin ölkəmizə uyğun “discount” (endirim) konseptli bir market yaradaq. Bu yeniliyi ölkəmizə “OBA” markası altında Veysəloğlu Şirkətlər Qrupu gətirdi. Məqsədimiz isə çox sadə idi – əməliyyat xərclərini minimum saxlamaq, istehsalçıdan birbaşa istehlakçıya çatdırmaq və nəticədə insanlara büdcəyə qənaət etməklə özünü və ailəsini təmin etmək imkanı yaratmaq. Bizdən alış-veriş edən alıcılarımız da təsdiqləyər ki, “OBA”da keyfiyyətli məhsullar onların ailə büdcəsinə uyğun qiymətə satılır. Nə qədər sadə olsa da, “OBA”nın sirri və xüsusiliyi də bundadır. - Xaricə gedib-gələn insanlar fikir veriblər ki, “discount market”, “convenience store”, “express store” konsepti olan dükanlar mövcuddur. Hətta mən özüm də xaricdə olanda yaxındakı dükanlardan su, qəhvə və s. alıram. Bəs “OBA”nın konsepti haqqında nə deyə bilərsiniz? - Gəlin qısaca “discount”, bu konseptlərin nə olduğu barədə deyim. Dünya üzrə ilk diskount market Almaniyada 1950-ci illərdə yaradılıb. Burada məqsəd müştəriyə qənaət etmək imkanı yaratmaqla, onu ən zəruri mallarla təmin etmək olub. İndiyə kimi Avropada minimalizm tendensiyasına uyğun olaraq diskount mağazalar dəbdədir. İlk “convenience” market isə 1927-ci ildə ABŞ-da yaradılıb. Təsəvvür edin ki, həmin dövrə kimi insanlar süd, yumurta, çörək kimi məhsulları müxtəlif dükanlardan və yalnız müəyyən saata kimi ala bilirdilər. İlk “convenience” dükan isə 16 saat açıq idi və insanlara ehtiyacı olan ən zəruri malları təqdim edirdi. “Convenience” marketlərin üstünlüyü yaxın məsafədə yerləşməsi və ən zəruri tələbat mallarının bir arada olmasından ibarətdir. Artıq qeyd etdiyim kimi, biz “OBA”nı yaradarkən müxtəlif ölkələrin təcrübələrini nəzərdən keçirdik və etiraf edim ki, bu gün də konsept barədə düşünməyə davam edirik. Avropada “Aldi”, “Lidl”, Türkiyədə “BİM” və “A101”, Yaponiyada “7-Eleven”, İngiltərədə “One stop” mağazalarının təcrübəsi ilə tanış oluruq. Bu tip marketlərin əsas xüsusiyyətləri müştəriyə yaxın və rahat ərazidə yerləşməsi, nisbətən məhdud məhsul çeşidi və istehlakçıların əsas ehtiyacı olan məhsulları təqdim etməklə mümkün olan yaxşı keyfiyyət və mümkün aşağı qiymətlərdir.   Hazırda “OBA” qonşu market konsepsiyasına əsasən hər kəsə qonşu qədər yaxındır və ailə büdcəsinə qənaət etdirəcək alış-veriş təcrübəsi qazandırmaq üçün çalışır. Bəlkə indi söyləyəcəklərim şüar kimi səslənə bilər, amma qidanın keyfiyyətinə böyük əhəmiyyət veririk və bizim üçün müştərilərimizə fayda gətirmək qısamüddətli yüksək qazancdan daha önəmlidir. - Rəqabətin yüksək olduğu pərakəndə sektorunda necə sağlam dayana bilirsiniz? - Pərakəndə sektoru rəqabətin ən yüksək olduğu sahələrdən biridir. Çünki insanların seçiminə evinə/iş yerinə yaxınlıq, qiymətlər, keyfiyyət, müştəri münasibətləri və s. amillər təsir göstərə bilir. Mən özüm də daima düşünürəm ki, rəqabətə necə davamlı ola bilərik? Məncə, hər bir insanın prioritetlərinə əsasən bazarda seçim imkanı olmalıdır. Fikrimi sadə şəkildə izah edim. Adətən, insanlar maaşlarının, qazanclarının böyük bir hissəsini ərzaq və gündəlik tələbat mallarına xərcləyirlər. “OBA” isə insanlara ehtiyacı olan əsas məhsulları daha az pul xərcləməklə almağa imkan verir. Nəticədə alıcılarımız büdcələrini digər maraqlı təcrübələr yaşamaq üçün, məsələn, bu pulu idmana, geyimə, məişət texnikasına və digər sevdiyi şeylərə, hətta səyahətə sərf edə bilərlər. Əsas hədəfimiz odur ki, müştəri cüzdanında müəyyən məbləğlə marketimizə gəldikdə səbətinə daha çox məhsul əlavə edə bilsin, yəni əsas tələbat mallarına olan ehtiyacını çox xərc çəkmədən qarşılaya bilsin. Ürək rahatlığı ilə deyə bilərəm ki, pulunuz “OBA”da bərəkətlidir. Hətta bu fikri inkişaf etdirərək, “Cibə qənaət” kampaniyasına başladıq. Bundan başqa, biz müştərilərimizə yaxın olmaq, onların ehtiyac və gözləntilərini daha yaxşı qarşılamaqla rəqabət qabiliyyətimizi artıra bilərik. Həmçinin innovativ olmaqla xüsusən gənc nəslin tələblərinə uyğun yenilikləri tətbiq etməliyik. Məqsədimiz isə istehlakçılarımız üçün dəyər yaratmaqdır. Həm alıcılarımız, əməkdaşlarımız və partnyorlarımızla, həm də rəqiblərimizlə münasibətdə ədalətli olmağa çalışırıq. Ədalətlilik dəyərini yalnız sözdə deyil, əməldə də ifadə edirik. - Maraqlıdır, “OBA” innovativlik deyəndə nəyi nəzərdə tutur? - Bu yaxınlarda “OBA” marketlər şəbəkəsi maraqlı rəqəmsal yeniliyə imza atdı. Artıq marketlərimiz Spotify şəbəkəsinə qoşuldu. Spotify nədir? Spotify İsveç musiqi axını sistemidir və dünyada milyonlarla mahnıya və digər məzmuna giriş imkanı verən rəqəmsal musiqi, podkast və videoyayım xidmətidir. Bu xidmət Sony, EMI, Universal kimi məşhur səsyazma şirkətlərində qeydiyyatdan keçmiş seçilmiş musiqiləri heç bir məhdudiyyət olmadan dinləməyə imkan verir. “Coca-Cola”, “Lidl”, “Aldi”, “7-Eleven”, “Circle K” kimi qlobal şirkətlər artıq Spotify üzərindən musiqi vasitəsilə müştəriləri ilə əlaqə qururlar. “OBA” marketlər şəbəkəsi Azərbaycanda pərakəndə satış sektorunda bu platformaya üzv olan ilk şirkətdir və Spotify vasitəsilə müştərilərin alış-verişini daha əyləncəli etməyə çalışır. Bunun üçün musiqi siyahısında “Alış-verişdə dinlə” albomu yaradılıb və milli musiqilər əlavə edilib. Həmçinin “OBA MARKET” mobil tətbiqi vasitəsilə endirimləri izləmək və ümumiyyətlə, məhsulların qiyməti ilə bağlı məlumat əldə etmək mümkündür. Bu tətbiq həm də müştərilərimizə fiziki kart olmadan bonus imkanlarından yararlanmaq şansı verir. Biz fiziki kartı olmadan mobil tətbiq izləyicisi sayı ən çox olan şirkətlərdən biriyik və tətbiqin yeni yaranmasına baxmayaraq, 500,000-dən çox insan tərəfindən yüklənilib. - Avropada endirimli satış mağazaları əsasən özünəxidmət prinsipi əsasında fəaliyyət göstərir. Bəs Azərbaycan müştərisini bu yanaşma qane edərmi? - Haqlısınız, Avropada hətta ucqar kəndlərdə belə, özünəxidmət cihazları olan dükanlar var. Bu dükanların bir çoxunda satıcı yoxdur. Avtomatlar, açıq rəflər, mallar, istədiyini satıcı olmadan ödəyib alırsan. Bəziləri isə daha sadə prinsiplə fəaliyyət göstərir – malı alırsan və nağd pulu piştaxtadakı səbətə atırsan. Əlbəttə ki, bu sistemin ölkəmizdə tətbiqi zamanı alıcılarımızın psixologiyası da nəzərə alınmalıdır. Ünsiyyətcil insanların çoxluq təşkil etdiyi ölkəmizdə alıcılar satıcı ilə dialoq qurmağı, bəzən hətta hal-əhval tutmağı sevirlər. Düşünürəm ki, mağazalarımızın özünəxidmət üsulu ilə işləməsi üçün bir az zamana ehtiyacımız var. Bir də düzünü deyim ki, hazırda özünəxidmət prinsipini geniş tətbiq etmək əvəzinə, daha çox iş yeri açmağa üstünlük veririk. - Mağaza rəflərində heç yerdə görmədiyimiz marka və brendlərə məxsus məhsullara rast gəlinir. Bu brendlər nədir? - Ümumiyyətlə, diskount marketlərin əsas xətti daha çox şəxsi markaların (Private Label) satışını həyata keçirməkdir. O baxımdan haqlısınız ki, “OBA”da rast gəldiyiniz əksər məhsulları digər marketlərdə görməyə bilərsiniz. Məsələn, “Maredo” konfetlərini, “Aləmşah” markası brendi altında olan məhsulları, “Saf Bulaq” suyunu, “Dory Baby” uşaq bezlərini yalnız “OBA”da ala bilərsiniz. Bu, bizim öz markamızdır. Burada məntiq ondan ibarətdir ki, brendinq və marketinq xərcləri və nəticədə satış qiyməti yüksək olan mallar əvəzinə, müştərilərimizə keyfiyyətli və maya dəyəri yüksək olmayan məhsullar təklif edək. Məhz bununla da biz müştərilərimizin tələbatına cavab veririk. Məlumat üçün deyim ki, biz şəxsi markalardan əlavə, dünyanın bir çox ölkələrindən idxal etdiyimiz brendlərə məxsus eksklüziv markaları da müştərilərimiz üçün əlçatan edirik. Bununla da qiymətlərin əlverişli olmasına çalışırıq. Son 2 il ərzində “OBA” özünə aid markaları ilə yanaşı, tanınmış markaların da məhsullarını rəflərində yerləşdirməklə məhsul çeşidlərinin müxtəlifliyini təmin edib. Biz həm də çox tanınmayan, amma keyfiyyətli məhsul istehsal edən kiçik və orta sahibkarlarla da əməkdaşlıq edirik. - Maraqlıdır, kiçik və orta istehsalçılarla da əməkdaşlıq edirsiniz...   - Bayaq qeyd etdiyim məqama bir də toxunmaq istəyirəm. Məhsulun böyük və məşhur şirkətlər tərəfindən istehsalı da qiymətə təsir edən amillərdəndir. Biz isə müştərilərimizin qiymət ilə bağlı həssaslığını hər addımımızda nəzərə alırıq. Bununla yanaşı, kiçik və orta yerli istehlakçılarla və fermerlərlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq kiçik istehsalçılara və fermerlərə məhsullarını bazara çıxarmağa, bizə isə təbii məhsulları alıcılarımıza həqiqətən münasib qiymətə təklif etməyə imkan yaradır.   Hətta bu yaxınlarda “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsi yaratdıq. Artıq həmin regiondakı kəndlinin məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac yoxdur, onu Şəmkir ərazisində bizə təqdim edə bilir.   Xüsusilə vurğulayım ki, soğan, kartof, sarımsaq, kök, kələm, çuğundur və alma növləri üzrə məhsulların birbaşa kəndlidən alışı həyata keçirildiyi üçün istehlakçılar qiymət və yerli dad meyarı üzrə bu fərqi anlaya bilərlər. Həmçinin məhsula olan ehtiyacımızı əvvəlcədən fermerlərə bildirməklə onlara planlama ilə bağlı köməklik göstərir, sadə şərtlərlə əməkdaşlıq əlaqəsi qurmaqla kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmağa çalışırıq.   Kiçik və orta sahibkarla əməkdaşlıq iqtisadi baxımdan ölkə üçün dəyər yaradır. Buna əlavə olaraq, deyim ki, bu həm də müştərimizlə emosional bağ yaratmaq baxımından da bizim üçün dəyərlidir. Belə ki, “OBA” ölkəmizin müxtəlif regionlarına yayıldığı üçün həmin bölgələrdə fəaliyyət göstərən yerli istehsalçılar məhsulları da öz rayonlarındakı marketlərimizdə satışa təqdim edə bilirlər. Haqqında danışdığım kiçik istehsalçılar yalnız bir və ya bir neçə marketi məhsulla təmin etmək potensialına malik olduğu üçün digər marketlərdə bu məhsul olmaya bilir. Bu isə həmin ərazidə “OBA”nı həm də doğma marketə çevirir.   - Azərbaycan xalqı yaxın qonşunun uzaq qohumdan yaxşı olduğu fikrindədir. Bəs “OBA” həqiqətən yaxın qonşu ola bilirmi? - Bəli, bu, maraqlı fikirdir. Qonşu marketlər şəbəkəsi fəlsəfəsi ilə “OBA”nı yaradarkən bu deyim ağlımızdan keçdi. Buna görə də şüarımızı “Elimizin hər yanı, “OBA”mızın ünvanı” olaraq seçdik. Bu o deməkdir ki, mağazalarımız evinizə tam qapı qonşu qədər yaxındır. Müştərilərimiz üçün alış-verişin rahat və xoş bir təcrübə olmasına çalışırıq. Səliqəli rəflər, çox da böyük olmayan zal və ən əsası qısa zamanda sizə lazım olan məhsulları ala və evinizə keçə bilərsiniz. Bir sözlə, zamanınıza qənaət etmiş və ailənizi ehtiyacı olan əsas məhsullarla təmin etmiş olacaqsınız. - “OBA”da alıcı təcrübəsinin əsas elementi nədir? - Bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də ənənəvi ticarətlə yanaşı, malların onlayn izlənilməsi populyarlıq qazanır. Alıcılarımız “OBA Market” mobil tətbiqi ilə alış-verişlərdə keşbek və xüsusi hədiyyələr qazana, hesablarında toplanan bonuslarla daha çox məhsul əldə edə bilirlər. Həmçinin yeni endirimlərdən istənilən vaxt, anında və operativ şəkildə xəbərdar olmaq, şikayət və təklifləri birbaşa tətbiq vasitəsilə bildirmək fürsətləri var. Biz alıcılarımızın müraciətləri əsasında onların nəyə ehtiyacı olduğunu müəyyən edirik. Xüsusilə sosial şəbəkələr üzərindən bizə göndərilən müraciətlər, Çağrı Mərkəzinə gələn zənglər komandamız tərəfindən araşdırılır, kampaniyalar məhz müştəri istəkləri əsasında keçirilir. Bir də qonşu “OBA”nın heyəti bir qonşu səmimiyyəti və mehribanlığı ilə alıcılarla ünsiyyət qurur. - Qlobal çətinlik olan qiymətlərin qalxması fonunda müştərilərinizə onların alışdığı qiymətləri təklif etmək nə qədər realdır? - Marketlərimizin meydana gəlməsini zəruri edən amillərdən biri də alıcılarımıza uyğun qiymətə məhsulların təqdim olunmasıdır. Qlobal qiymət artımı fonunda dövlətimizin antiinflyasiya tədbirlərinə dəstək olaraq, biz də qiymət artımı ilə öz imkanlarımız daxilində mübarizə aparırıq. Səmimi olaraq sizə deyim ki, qiymətlərin artmasının heç kimə, hətta marketlərə belə faydası yoxdur. Çünki qiymətin artması alıcı səbətinin kiçilməsi deməkdir. Biz mağazalarımızda öz məhsullarımız olan və bahalı olmayan brendləri müştərilərimizə təqdim edirik. Bununla da məhsullarımızı mümkün olan aşağı qiymətə təklif etməyə çalışırıq. - Gəlin səmimi danışaq, Vüsal bəy. Ümumiyyətlə, “OBA”ya dair cəmiyyətdə bəzi sterotiplər yaranıb. Bunlara siz nə cavab verə bilərsiniz? - Buna sadə bir izah verim. Ümumiyyətlə, bəzi marketlər əsasən öz marka məhsullarını, yəni bazarda tanınmayan məhsulları satır. Bəzən müştərilər tanınmayan məhsulu almaqdan çəkinirlər. Məhsulun qiyməti müqayisədə xeyli aşağı olursa, təbii ki, dediyiniz sterotiplər yarana bilir. Burada bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Biz məhz “OBA”ya məxsus marka məhsulumuzu istehsal ediriksə, onun keyfiyyətinə daha əminliklə zəmanət verə bilirik. Çünki məhsul istehsalının hər bir mərhələsində şəxsən iştirak edirik və buna görə məsuliyyət daşıyırıq. Biz keyfiyyət üzərində daim çalışırıq və sizi əmin edirəm ki, “OBA”nın keyfiyyət standartlarına uyğun gəlməyən malları qəbul etmirik. Mağazalarımıza daxil olan hər bir məhsul laboratoriyada yoxlanılmış və dövlət standartlarına cavab verən məhsuldur. Buna sübut olaraq deyim ki, alıcılarımızın keyfiyyətli qida ilə təminatı üçün təkcə ötən ildə Veysəloğlu Şirkətlər Qrupu üzrə laborator xərclər 450 min manata yaxın olub. İndi isə qayıdaq sterotiplər və marketə inam məsələsinə. İstehlakçılar arasında aparılan araşdırmalara görə, bazar markalı məhsullardan gözlənilən keyfiyyət və keyfiyyətdə davamlılıq ən vacib məsələlərdəndir. Marketə güvən marketin öz markasına güvənə bərabərdir. El arasında belə bir deyim var: “Qaçan ayağa daş dəyər”. Biz çalışırıq, inkişaf edirik, intensiv böyüyürük və təbii olaraq görünürük, diqqət cəlb edirik. Bu gün biz dəyişirik, hazırda ilk açılmış mağazalarımızın interyer, eksteryer dizaynını dəyişirik. Bu proseslər əsasında neqativ düşüncəni aradan qaldırmaq üçün kollektiv olaraq çalışırıq. Konkret olaraq, bu sualınıza belə cavab verərdim ki, hər gün yüz minlərlə insan bizim mağazalardan alış-verişə davam edirsə, deməli, biz hədəfimiz olan müştəri məmnuniyyətinə müəyyən qədər nail olmuşuq. - 1000-dən çox mağazanın idarə edilməsi çətin deyil ki? Ən çox hansı sınaqlarla qarşılaşırsınız? - “OBA” marketlərinin sayı 6 il ərzində 1111-ə çatıb, hətta hələlik sonuncu olan 1111-ci marketi bu il 28 May – Müstəqillik Günündə istifadəyə verdik. Bu, hər il orta hesabla 183 marketin, hətta bəzən hər 2 günə bir marketin açılması deməkdir. Marketlər şəbəkəmizi belə intensiv şəkildə genişləndirməyimiz böyük diqqət, zəhmət və enerji tələb edir. Əlbəttə, bu sayda mağazanı idarə etmək, müştərilərin məmnuniyyətini təmin etmək heç də asan deyil. Ümumiyyətlə, pərakəndə satış xidmətində hər zaman gözlənilməz hallar baş verir. Təsəvvürünüzə gələn və gəlməyən sınaqlar, çətinliklər yaşaya bilirik. Bu sınaqların öhdəsindən mən təkbaşına gələ bilməzdim. Bizim əsas qüvvəmiz zəhmətkeş və hədəflərə köklənən əməkdaşlarımızdır. Hazırda “OBA” ailəsinin 5700-ə yaxın üzvü ilə birgə çalışırıq ki, nöqsanları düzəldək və daha da yaxşı xidmət göstərə bilək. Müştəri ilə birbaşa ünsiyyətdə olaraq hər birimiz məsuliyyətimizi dərk edirik. Alıcılarımızın təkrar-təkrar mağazalarımıza qayıtması həm məsuliyyətimizi artırır, həm də bizi ruhlandırır.