Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb. Bu barədə Foodinfo.az-a AQTA-dan məlumat verilib. Belə ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşlarının Şəmkir şəhəri, Ş.Qurbanov küçəsində fəaliyyət göstərən Quliyev Sabir Məcid oğluna məxsus çörək istehsalı müəssisəsində apardığı plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edib. Müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="51043,51044"]