Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Xoylu kəndində fəaliyyət göstərən, fiziki şəxs Babayev Namiq Hidayət oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib. Baxış zamanı texnoloji əməliyyatların gedişi prosesinin, məhsulların hazırlandığı və istehsal olunduğu sahələrin normativ tələblərə uyğun olmadığı, həmçinin işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="47340,47341,47342,47343"]