Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıqların istehsalı müəssisəsində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və istehlakçıların hüquqlarının pozulduğu aşkar edilib. Belə ki, istehsal sahəsinin sanitar vəziyyətinin qənaətbəxş olmadığı, avadanlıqların korroziyaya davamlı materialdan təşkil edilmədiyi, mal qonşuluğu qaydalarına riayət olunmadığı, istehsal olunan məhsulların etiket məlumatlarında istehsal və son istifadə tarixlərinin düzgün qeyd edilmədiyi müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışa çıxarılmasının qarşısı alınaraq məhv edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.