Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Foodinfo.az-ın məlumatına görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs “Jala Pharma” MMC  tərəfindən Ruminiyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinə məxsus müəssisədən idxal olunan ümumi çəkisi 217 kq (10000 ədəd) olan “Zink Godarov Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə ağır metalların (Qurğuşun (Pb), Kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar olunub. Agentlik tərəfindən istehlaka yararsız bioloji aktiv qida məhsulu partiyasının məhv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.