Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "TİFLİS BAZAR" MMC tərəfindən Gürcüstan Respublikasında fəaliyyət göstərən “Kombinat Anaseuli” şirkətinə məxsus müəssisədən idxalı üçün müraciət edilən ümumi sayı 310 ədəd olan “Anaseuli 40%-li, 0.5L” əmtəə nişanlı şaftalı arağı məhsuluna Agentliyin müfəttişləri tərəfindən fiziki nəzarət tədbirləri həyata keçirilib. Nəzarət tədbirləri çərçivəsində məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə metil spirtinin həcm payının ölkədə qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulan normadan artıq olduğu aşkar edilib. Agentlik tərəfindən istehlaka yararsız şaftalı arağı məhsulu partiyasının məhv edilməsi barədə müvafiq qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.