Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən “Jala Pharma” MMC-nin idxal etdiyi, Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinin istehsalı olan, ümumi çəkisi 217 kq “Zink Godarov Kapsul №30” adlı 10 000 ədəd bioloji fəallığa malik qida əlavəsi partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların (Qurğuşun (Pb), Kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, istehlaka yararsız bioloji fəallığa malik qida əlavəsi məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.