Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirib. Foodinfo.az xəbər verir ki, videokonfrans formatında keçirilən görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir. Tədbirdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizminin aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda kartof məhsulları becərilən təsərrüfatlarda ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsələyə daha diqqətlə yanaşmaları vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.