Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Qusarın Düztahir və Gican kəndlərinin fermerlərinə məhsul satışında dəstək göstərib.
KOBİA-dan verilən məlumata görə, kənd sakinləri Agentliyin Qusar “KOB Dostu”na müraciət edərək əkdikləri kələmi sata bilmədiklərini və bu sahədə onlara dəstək göstərilməsini istəyiblər.
KOBİA-nın dəstəyi və əlaqələndirməsi ilə Düztahir və Gican kəndlərinin 7 fermer təsərrüfatında yetişdirilən 5 ton kələm “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən satın alınıb. Düztahir və Gican kəndlərinin digər fermerlərinə də kələmin satışında dəstək göstəriləcək.
Qeyd edək ki, KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerli və xarici bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik tərəfindən müvafiq dəstək tədbirləri həyata keçirilir.