Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Lənkəran şəhər sakini, fiziki şəxs Məmmədov Orxan Xidmət oğluna məxsus həyətyanı sahədə fəaliyyət göstərən dönər istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin təşkil edilmədiyi, qida məhsullarının emalı sahəsində səthlərin, xüsusilə də qida ilə təmasda olan işçi masaların səthlərinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz edilmədiyi, xammalların və inqrediyentlərin xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir. [gallery ids="52436,52437,52438,52439"]