Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, millət vəkilləri Vüqar Bayramov, Aydın Hüseynov, Fatma Yıldırım, İltizam Yusifov və Müşfiq Məmmədli Veysəloğlu Şirkətlər Qrupunu ziyarət ediblər. Millət vəkilləri Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş direktoru Aydın Talıbovla görüşüblər. Görüş zamanı son illər iqtisadi sferada həyata keçirilən islahatlar, ölkə rəhbərliyi tərəfindən əksər sahələrdə olduğu kimi sahibkarlığın və məşğulluğun dəstəklənməsi istiqamətində həyata keçirilən məqsədyönlü iqstisadi siyasətin bu sahənin inkişafında böyük rol oynadığı vurğulanıb. Şirkətin Vətən Müharibəsi dövründə həyata keçirilən fəaliyyətlərdə böyük qürur və həvəslə iştirak etdiyi, Qarabağın bərpa və yenidənqurulması prosesinə töhfə verdiyi, həmçinin ekoloji sahədə müxtəlif tədbirlər həyata keçirdiyi qeyd olunub. Görüş çərçivəsində millət vəkilləri Şirkətlər Qrupu, eləcə də “Araz” supermarketlər və “Oba” marketlər şəbəkəsinin baş ofisi ilə tanış olublar.
Millət vəkilləri həmçinin Veysəloğlu Şirkətlər Qrupuna məxsus olan Veysəloğlu Logistika Mərkəzi və “Xonça” fabrikini də ziyarət ediblər. Qonaqlara Logistika Mərkəzinin ərazisi, iş prosesi nümayiş etdirilib, fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz 22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Gündəlik 500 palet mal qəbul edən və 3000 mağazaya məhsul təminatını həyata keçirən anbarın fəaliyyəti beynəlxalq standartlara uyğun qurulub.
Millət vəkillərinə məlumat verilib ki, Mərkəzdə həmçinin soyuq anbar da fəaliyyət götərir. -18 dərəcədə 2500 palet tutumuna və +5 dərəcədə 2500 palet tutumuna malik soyuq və donmuş məhsullar saxlanılan anbarın fəaliyyəti, temperatur rejimlərinə riayət edilərək tədarük zəncirinin təmin edilməsi millət vəkilləri tərəfindən yüksək qiymətləndirilib.
Daha sonra millət vəkilləri 300 nəfəri işlə təmin edən və aylıq 1000 ton istehsal gücünə malik olan “Xonça” fabrikini ziyarət ediblər. Burada millət vəkillərinə İSO 22000 standartlarına uyğun təşkil edilmiş tam avtomatlaşdırılmış və yarı avtomatlaşdırılmış istehsal xətləri, şoklama, soba və logistika sahələri barədə məlumat verilib. Bildirilib ki, “Xonça” fabriki keyfiyyətli məhsulların davamlı istehsalını təmin edən müasir avadanlıqlarla təchiz edilib. Fabrikin iş prosesi ilə yaxından tanış olan millət vəkilləri burada tətbiq edilən qabaqcıl texnologiya, qida təhlükəsizliyi tələblərinin qorunması və yüksək keyfiyyətli məhsul istehsalını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarket və “Oba” marketlər şəbəkəsini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.