Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 7A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zahid Arif oğlu Aslanova məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı istehsal müəssisəsində gigiyena tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi müşahidə edilib. Belə ki, xammal və inqrediyentlərin saxlanma şəraitinə, çörək bişirilməsində istifadə olunan avadanlıqların təmizliyinə riayət edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar məlum olub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
[gallery ids="51435,51436,51437"]