Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “OBA” marketlər şəbəkəsi əməkdaşlıq etdiyi yerli istehsalçılara Rəqabət Məcəlləsi haqqında infosessiyaların keçirilməsinə başlayıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-də qüvvəyə minəcək.
“OBA” marketlər şəbəkəsinin hüquqi risklərin azaldılması məqsədi ilə təşkil etdiyi bu görüşdə 35-dən çox yerli istehsalçı ilə fikir mübadiləsi aparılıb, haqsız rəqabət hallarının aradan qaldırılması ilə Rəqabət Məcəlləsinin ölkə iqtisadiyyatının və sahibkarlığın inkişafına töhfə verəcəyi bildirilib.
Görüşdə sahibkarlar əsasən rəqabətin məhdudlaşdırmasına gətirib çıxara biləcək sazişlər, məhsulların etiket məlumatlarında istehlakçıların aldadılmasına səbəb ola biləcək məqamlar və digər bu kimi mövzularla maraqlanıblar. İştirakçıları maraqlandıran bütün məsələlərə VŞQ Hüquq direktoru Allahverən Oruclu, Korporativ Hüquq departamentinin müdiri Orxan Səfərov və Keyfiyyət Təminatı departamentinin rəhbəri Şəhla Yusifova tərəfindən aydınlıq gətirilib.
Veysəloğlu Şirkətlər Qrupu tədarükçüləri ilə birlikdə müvafiq infosessiyalar davam etdirməyi nəzərdə tutur.