Nyu Yorkun baş prokuroru Letisia Ceyms ABŞ qida korporasiyası “PepsiCo”nu məhkəməyə verib və onu birdəfəlik qablaşdırma ilə ətraf mühiti çirkləndirməkdə ittiham edib.

Müvafiq məlumat prokurorluğun saytında dərc olunub.

“Bütün Nyu-York sakinlərinin təmiz sudan istifadə hüququ var, lakin “PepsiCo”nun məsuliyyətsiz qablaşdırma və marketinq təcrübələri Buffalo çayını, ətraf mühiti və vətəndaşlarımızın sağlamlığını risk altına qoyur. Mən adi Nyu-York sakinlərinin, planetimizin sağlamlığını və təhlükəsizliyini riskə atan böyük korporasiyalara meydan oxumaqdan çəkinməyəcəyəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, qərargahı Nyu-Yorkda yerləşən “PepsiCo”, birdəfəlik qablaşdırmada ən azı 85 müxtəlif içki və 25 qəlyanaltı markası istehsal edir. Belə materiallar ştatın qərb hissəsindən axan çayın çirklənməsinin əsas səbəbinə çevrilib. Araşdırmada qeyd olunub ki, su hövzəsinin yaxınlığında tapılan zibillərin 17%-dən çoxu korporasiya tərəfindən istehsal olunan məhsulların tullantılarıdır.