Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdən Rusiyaya pomidor ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, 75-ə yaxın sahibkarlıq subyekti ilə videokonfrans formatında keçirilən görüşdə pomidor bitkisinə qoyulan ixrac tələbləri və Agentlik tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri ilə bağlı sahibkarlara ətraflı məlumat verilib. Bildirilib ki, istehsal olunan pomidor məhsulunun təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara cavab verməsi daim sahibkarların diqqət mərkəzində olmalıdır. Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.