Noyabrın 26-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli pomidor istehsalçıları ilə görüşüb.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən görüşdə Q. Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) arasında aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarları məlumatlandırıb. 100-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi tədbirdə əldə olunan razılaşmalarla bağlı iştirakçıları məlumatlandıran Agentlik sədri pomidor istehsalı ilə məşğul olan sahibkarların üzərinə düşən məsuliyyət və qoyulan tələbləri diqqətə çatdırıb.
Bildirilib ki, əldə olunmuş razılığa əsasən, Rusiyanın müvafiq qurumunun əməkdaşları tərəfindən təsərrüfatlarda aparılan videomonitorinqlər dayandırılır və cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə həmin qurum tərəfindən ixrac icazələri birbaşa AQTA-nın zəmanət məktubu əsasında veriləcək.
Tədbirdə pomidor bitkisinə qoyulan ixrac tələbləri ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb, həmçinin təsərrüfatlarda bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verilib.