2019-cu ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana Rusiyadan 1 milyard 370 milyon 395 min dollarlıq mallar idxal edilib.
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, eyni dövrdə Azərbaycandan Rusiyaya ixrac 457 milyon 742 min dollar təşkil edib. Rusiya Azərbaycana 912 milyon 653 min dollarlıq daha çox mallar satıb.
Son zamanlar marketlərdə Rusiya istehsalı məhsulların artdığı qabarıq müşahidə olunur. Rusiyadan idxalın yüksək olmasının digər bir səbəbi bir sıra qlobal şirkətlərin regiondakı zavodlarının Rusiyada yerləşməsidir. Azərbaycana mallar bu zavodlardan göndərilir.
2018-ci ilin 8 ayında Rusiyaya ixrac 411 milyon 963 min dollar, idxal 1 milyard 65 milyon 36 min dollar təşkil etmişdi. Beləliklə, Rusiyaya ixrac 45 milyon 779 min dollar, Rusiyadan idxal isə 306 milyon 359 min dollar artıb.
Azərbaycana ən çox mal göndərən 2-ci ölkə Türkiyə (974 milyon 996 min dollar), 3-cü ölkə isə Çindir (849 milyon 709 min dollar).