Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.

Foodinfo.az xəbər verir ki, AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Təlim “Siti Keyterinq” QSC və “Şabran” Yaradıcılıq İstirahət Kompleksi əməkdaşları üçün keçirilib.

Təlimdə iştirakçılara sanitar-gigiyenik normalar barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, keçirilən təlimlər müəssisələrin fəaliyyətinin qida təhlükəsizliyi normalarına uyğun qurulmasına və nöqsanların minimuma endirilməsinə şərait yaradır. Təlim zamanı iştirakçılara ictimai iaşə müəssisələrində baş verə biləcək risklər və onların idarə olunması, habelə qanunvericilik tələblərinin tətbiqindən bəhs olunub.

Qeyd edək ki, “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təlimlər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilir. Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.