Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda son illər günəbaxan bitkisinin becərilməsinə maraq artıb. Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 1852,1 hektar sahədə günəbaxan yetişdiriblər. Artıq əkinçilər yetişdirdikləri məhsulu yığmağa başlayıblar. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi və çeşidlənməsində isə texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.