Xəbər verdiyimiz kimi, “Veysəloğlu” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 300 kq dondurulmuş toyuq qiyməsi məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən baxış keçirilib. Məhsul partiyasından götürülən nümunələrdə müayinələr nəticəsində patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Foodinfo.az xəbər verir ki, Veysəloğlu MMC məsələ ilə əlaqədar açıqlama yayıb. Şirkətdən daxil olmuş açıqlamada deyilir:

"Veysəloğlu MMC şirkəti tərəfindən bütün növ qida və qeyri qida məhsullarını ölkəyə idxalı zamanı satış kanallarına çıxarılmadan öncə hər partiyadan nümunələr götürülür və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müvafiq laboratoriyasında müayinə edilməsi üçün agentliyə təqdim edilir.

AQTA tərəfindən uyğunsuzluq aşkar edildiyi andan məhsulun növündən asılı olaraq satışa yararsız kimi qeydiyyata alınır və “Utilizasiya” (məhvetmə) prosesi həyata keçirilir. Həmçinin, prosesin davamı olaraq istehsalçı şirkətə məhsulun keyfiyyət göstəricilərinə ciddi riayət edilməsi ilə bağlı xəbərdarlıq edilir.  Yalnız AQTA tərəfindən satışa yararlılıq sertifikatı təqdim edildikdən sonra məhsullar satışa çıxarılır.

Qeyd etmək istəyirik ki, 25 ildən artıqdır  qeyri-neft sektorunda fəaliyyət göstərən və ölkə iqtisadiyyatında aparıcı mövqeyə sahib Veysəloğlu MM bir çox dünya brendlərinin, həmçinin yerli fabriklərin Azərbaycanda rəsmi distribüterliyini həyata keçirir.

 Şirkətin başlıca məqsədi istehlakçıları sağlam və keyfiyyətli qida ilə təmin etməkdir".

Qeyd edək ki, bundan əvvəl, "Araz Supermarket" MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən soğanlar yararsız çıxmışdı. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Oba” marketdə də ciddi nöqsanlar aşkarlanmışdır.