Qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə bağlı Amerika Birləşmiş Ştatları (ABŞ) Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə ölkəmizə səfər edən ABŞ və Gürcüstandan olan nümayəndələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
Foodinfo.az xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilə bağlı USAID-ın dəstəyi ilə ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin, Gürcüstan Milli Qida Agentliyinin və Tbilisi Dövlət Universitetinin nümayəndələri ölkəmizə səfər edib. Səfərin həyata keçirilməsində məqsəd Azərbaycanda qəhvəyi mərmər bağacığına qarşı aparılan mübarizə tədbirlərini, həmçinin zərərvericinin yayılmasının qarşısının alınması sahəsində mövcud olan çətinliklərlə bağlı məsələləri, eləcə də görülən tədbirlərin səmərəliliyinin artırılması üçün ölkəmizə göstərilə biləcək dəstəyin müzakirə edilməsindən ibarətdir.