
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Olt inzibati ərazi vahidində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, İtaliya Respublikasının Friuli-Venesiya-Culiya regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Tbonq Hmum əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Foodinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.