Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlanıb.
Videoçarxda qida mənşəli xəstəliklərin dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edildiyi qeyd olunub. Bildirilib ki, bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.
Videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir. Eyni zamanda vurğulanıb ki, AQTA müvafiq dövlət qurumları ilə birgə əhali arasında baş vermiş qida zəhərlənmələrinin araşdırılması, habelə qida zəhərlənməsi hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.
Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair yeni videoçarxla bu link vasitəsilə tanış ola bilərsiniz.